Dələduzlar İşə Qəbulda...


Dələduzlar İşə Qəbulda...


Myers-Briggs və ya digər adı ilə "16 şəxsiyyət" testini yəqin ki, bir çoxlarınız eşitmisiniz. Bu gün, bu test əyləncə məqsədi ilə istifadə olunsa idi, heç bir problem olmazdı. Lakin, testin müəllif hüquqlarını əlində tutan şirkət müəyyən məbləğ müqabilində insanlara testdən keçmə imkanı verdikdə və daha da önəmlisi, Fortune 500 siyahısındakı şirkətlərin 88%-i işə qəbulda namizədlərin yoxlanması üçün bu testin nəticələrindən istifadə etdikdə - ciddi problemlər yaranır...

 

Beləliklə, gəlin Myers-Briggs testinin nəyə görə işə qəbul kimi ciddi sahələrdə istifadə edilməməli olduğunu aydınlaşdıraq. Testə etirazları, əsasən, 3 başlıqda toplamaq olar:

 

 

  1. Müəlliflərə etiraz
  2. Nəzəri etirazlar
  3. Elmi etirazlar
  4.  

Sırası ilə hər birini nəzərdən keçirək:

 

Müəlliflər

 

 

İlk növbədə, testin tarixinə nəzər saldıqda görürük ki, müəlliflər Katharine Cook Briggs və qızı Isabel Briggs Myers nəinki psixologiya sahəsində ixtisaslı mütəxəssis deyildilər, həmçinin, elm insanları kimi də sayıla bilmirlər. Onları sadəcə kitab yazıçısı kimi qəbul etmək olur. Müəlliflər uzun müddət araşdırmalar etdikdən sonra insanları 4 kateqoriyaya bölməyin düzgün olduğu qənaətinə gəldilər: meditativ tip, spontan tip, idarəedici tip və sosial tip. Bu tiplər bugünki Myers-Briggs testindəki 4 əsas şəxsiyyət qrupunun da əsasını təşkil edir.

 

Müəlliflər öz nəzəriyyələrinə elmi-metodoloji baza formalaşdırmaq üçün dərin araşdırmalar edir və nəticədə Carl Jung-un "Psixoloji tiplər" əsərini tapırlar. Carl Jung öz əsərində Eynilə Briggs və Myers kimi insanları 2 fərqli istiqamət (düşünən insanlar və hissedən insanlar; qavrayış və intusiya) üzrə 4 kateqoriyaya bölürdü. Jung insanların mütləq bunlardan birinə aid olduğunu iddia etməsə də, bu və ya digər dərəcədə tərəflərdən tipajlardan birinin insan xarakterində daha dominant olduğu qənaətində idi.

 

Myers və Briggs-in Jung-un fikirlərinə maraq göstərməsi anlaşılan olsa da, problem nəzəriyyənin əsaslandığı bu alimin modern psixologiya elmində artıq çox da ciddiyə alınmayan biri olmasıdır. Belə ki, Jung elmi tədqiqatlarda hipotetik ehtimalların təcrübə (real müşahidə) ilə yoxlanmasını zəruri hesab etmirdi.

 

Nəzəri tənqidlər

 

 

İlk növbədə, insan xarakterinin kateqorik deyil, linear bir anlayış olmasını qeyd etmək lazımdır. Misal üçün, bir zəri havaya atdıqda, yerə düşən zaman yuxarıda qalacaq üzün nə olacağı kateqorikdir: 1, 2, 3, 4, 5, və ya 6. Nəticə mütləq bu 6 kateqoriyadan birində olacaq. Lakin eyni zəri irəli doğru tulladıqda nə qədər uzağa gedəcəyi linear olaraq dəyişkəndir. 2 metr, 5 metr, 10 metr... İnsan xaraketri də, daha çox linear şəkildə dəyişən bir məfhumdur. Bu cəhətdən, testin insanları əvvəlcədən müəyyənləşdirilmiş (yeri gəlmşkən, elmi əsaslandırması olmayan) kateqoriyalara qoyması yanlışdır.

 

Testin digər bir problemi insanların yerləşdirildiyi kateqoriyaların bir-birindən kəskin fərqləndirilməsidir. Məsələn, testin ölçdüyü dəyərlərdən biri olan introvertlik - ekstrovertlik üzrə 0-50 balı olan insanlar introvert, 50-10 balı olanlar isə ekstrovert kimi dəyərləndirilir. Belə olan halda, 48 bal toplamış bir insan 5 bal toplamış biri ilə eyni tipaj kimi qiymətləndirilir, halbuki o, 53 bal almış digər bir insana, xaraktercə, daha çox bənzərdir. Test öz nəticələrində 48 və 53 bal toplamış iki insanı tamamilə əks qütbdə dayanan iki ayrı tipaja daxil edir.

 

Elmi tənqidlər

 

Psixologiya testlərindən elmi cəhətdən, ilkin olaraq əsaslı olması gözlənilir. Misal üçün, test sizin gələcəkdə boşanma ehtimalınızı və ya hansısa psixoloji xəstəliyə yatıqnlığınızı ölçəcəyini iddia edirsə, datalara əsaslanan şəkildə bu istiqamətdə dəqiq nəticələr verməlidir. Myers-Briggs testi bunun əvəzinə sizə yalnız eşitmək istədiklərinizi verir.

 

Eyni zamanda, psixologiya testlərinin etibarlı olması da vacibdir. Yəni, testi bir neçə həftə ara ilə təkrarladıqda təxminən eyni nəticələr alınmalıdır. Kiçik dalğalanmalar normal olsa da, böyük fərqlər qəbuledilməzdir. Myers-Briggs testində isə, bir neçə günlük fasilədən sonra belə radikal fərqli nəticələr alına bilir.

 

Myers-Briggs testinin 4 istiqamət üzrə ölçüm apardığını qeyd etmişdik. Bunlar aşağıdakılardır:

  • Ekstraversiya/introversiya,
  • Hissetmə/sezmə,
  • Düşünmə/hissetmə,
  • Mühakimə/İdrak.

 

Aparılan çalışmalar göstərir ki, bu 4 kateqoriyadan son 2-i bir-biri ilə sıx bağlıdır və təxminən eyni cəhətləri ölçürlər. Bu, testin pis hazırlandığının növbəti sübutudur.

 

Son olaraq, Myers-Briggs testinin nevrotiklik kimi mənfi psixoloji xüsusiyyətləri ölçməməsi qəbuledilməzdir. Ümumiyyətlə, testin bürclərə bənzər şəkildə yalnız müsbət ifadələrdən istifadə etməsi insanları aldatmağa çalışdığının göstəricilərindən biridir.

 

Nəticə

 

 

Nəticə olaraq, Myers-Briggs testi fərdi istifadə üçün belə zərərli olduğu halda, işə qəbul zamanı namizədlərin dəyərləndirilməsində istifadə edilməsi tamamilə arzuolunmazdır. Qeyd etmək lazımdır ki, HEXACO kimi psixologiya testləri elmi yanaşma əsasında hazırlandığı üçün fərdlərin özünü dəyərləndirməsində istifadə edilə bilər. Bununla belə, işə qəbul zamanı namizədlərin dəyərləndirilməsində psixologiya testlərindən (keyfiyyətli test olsa belə) istifadə özlüyündə digər bir problemi ortaya çıxarır - test nəticələrinin etibarlılığı insanların səmimiliyindən asılıdır. İctimaiyyətlə əlaqələr üzrə yaranmış vakansiya üçün, əlbəttə ki, ekstravert namizədlərə üstünlük veriləcəyini bilən namizəd testi keçərkən nəticənin məhz bu cür çıxacağı tipdə cavablara yönələcək. Bu isə, şirkətin maraqlarına ziddir...

 

Tərtib etdi: Toğrul Hacıyev

Azərbaycan HR İnstitutu, Təşkilati İnkişaf üzrə menecer