“HR təqaüd proqramı”

Şəhid Əhmədağa İskəndərov adına “HR təqaüd proqramı” təsis edilib.

Azərbaycan HR İnstitutu və Azərbaycan HR Cəmiyyətinin birgə təşəbbüsü ilə şəhid HR həmkarımız Əhmədağa İskəndərovun adını insan resursları sahəsində əbədiləşdirmək məqsədi ilə 20 Sentyabr 2023-cü il tarixində "Əhmədağa İskəndərov adına HR təqaüd proqramı” təsis edilmişdir.

Təqaüd proqramının müddəti 3 ay, təqaüd məbləği isə 1000 manat təşkil edir.

Təqaüd proqramına Azərbaycan HR Cəmiyyətinin üzvləri, eləcə də  Azərbaycan HR İnstitutunun məzunları müraciət edə bilərlər.

"Əhmədağa İskəndərov adına HR təqaüd proqramı"na müraciət etmək üçün qeydiyyat linki: https://forms.gle/7QGf6L6RPNY3cHKB7

Son müraciət tarixi: 07 Oktyabr 2023-cü il

Əhmədağa İskəndərov Novruz oğlu 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbin birinci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərərək 614.75 bal toplamış, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisasına qəbul olmuş və əlaçı təqaüdünə layiq görülmüşdür. Universitetdə təhsil aldığı müddətdə ixtisasını dərindən mənimsəməyə çalışmış və ixtisas fənlərinə daha çox diqqət yetirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş və elə həmin ildəcə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağrılmışdır. Mingəçevir şəhərində “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə xidmətini başa vurmuşdur.

Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak etmişdir. 2013-cü ildə satış və distrübütorluq sektorunda ölkənin aparıcı şirkətlər qrupu olan Veysəloğlu Qrupda İnsan resursları mütəxəssisi olaraq peşəkar fəaliyyətinə başlamış və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2018-ci ildən etibarən peşəkar fəaliyyətini ölkənin önəmli restoranlarını özündə birləşdirən Saffron Restoranlar Qrupunda davam etdirməyə başlamışdır. Əhmədağa İskəndərov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, Kadr inzibatçılığı və əmək haqqı sahəsində ölkənin aparıcı ekspertlərindən biri olmuşdur.

21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən Müharibəsi”-nin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə qatılmışdır. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak etmişdir. 07.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 15.12.2020-ci il tarixində “Vətən uğrunda” və 24.12.2020-ci il tarixində “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Qalereya