“World HR Summit 2026” Azərbaycan HR İnstitutunun təşkilatçılığı, Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasının (WFPMA) dəstəyi, LinkedIn-in əsas tərəfdaşlığı, BEOC və Neosis Consulting şirkətlərinin qızıl sponsorluğu, Idenfit şirkətinin gümüş sponsorluğu və PAŞA Life şirkətinin sığorta tərəfdaşlığı ilə 1 may 2026-cı il tarixində Fairmont Baku, Flame Towers-də keçirilib.
İlk dəfə Azərbaycan HR İnstitutu tərəfindən təşkil olunan “World HR Summit 2026” 50 ölkə və 5 qitədən 500-dən çox HR liderini, CEO-ları, sahibkarları, dövlət nümayəndələrini və C-level peşəkarları bir araya gətirib. Sammitin əsas mövzusu “Creating Value Together” olub. Tədbir insan resursları sahəsində yeni yanaşmaların, qabaqcıl innovasiya və texnologiyaların təqdim olunmasına, eləcə də müxtəlif beynəlxalq təcrübələrin dialoq, müzakirə və fikir mübadiləsi vasitəsilə paylaşılmasına həsr olunub.
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, “World HR Summit 2026” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyənləşdirilmiş “Rəqabətli insan kapitalı və müasir innovasiyalar” prioritetini əsas götürərək, insan kapitalının inkişafı, müasir HR yanaşmaları, texnologiya və innovasiyaların tətbiqi üzrə beynəlxalq təcrübələrin paylaşılmasını hədəfləyən qlobal tədbirdir.