Women’s Entrepreneurship Summit 2025 19 noyabr tarixində Bakıda, Fairmont Flame Towers-də keçirildi. Azərbaycan HR İnstitutu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) birgə təşkil etdiyi sammit qadın sahibkarları, investorları, dövlət qurumlarının rəsmilərini və innovasiya liderlərini bir araya gətirdi.
Tədbirin açılışında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Birol Akgün, Milli Məclisin deputatı Vüqar Bayramov, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov və şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova çıxış etdilər. AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva isə tədbir iştirakçılarına videomüraciət ünvanladı.
Sammit çərçivəsində keçirilən panel müzakirələri qadınların innovasiya ekosistemində yeri, rəqəmsal transformasiya, liderlik, insan kapitalının gələcək trendləri və qlobal biznes mühitində qadın iştirakçılığının artması kimi mövzulara həsr olundu. Fərqli sahələrdən olan spikerlər öz təcrübələrini bölüşərək qadın sahibkarların regional və beynəlxalq biznes xəritəsində artan rolunu xüsusi vurğuladılar.
Tədbirin ən yaddaqalan məqamlarından biri WE Impact Awards 2025 mükafatlarının təqdimatı oldu. Mükafatlar qadın sahibkarlığının inkişafına töhfə verən şəxslərə və təşkilatlara təqdim edilərək, onların yaratdıqları sosial-iqtisadi təsirin əhəmiyyətini bir daha ön plana çıxardı. Bu mərasim sahibkarların uğurlarının tanıdılması ilə yanaşı, həm də qadın liderliyinin cəmiyyətimizdəki möhkəmlənən mövqeyinin simvolu kimi dəyərləndirildi.